Almaniyanın Karlsrue Texnologiya İnstitutunun tədqiqatçıları “Wi-Fi” siqnalları vasitəsilə insanları yüksək dəqiqliklə müəyyən edə bilən yeni texnologiya hazırlayıblar.
Araşdırmaya görə, radiodalğaların əks olunmasının analizi insanların və ətraf mühitin vizual modelini yaratmağa imkan verir. Bunun üçün şəxsin üzərində aktiv cihazın olması vacib deyil.
Professor Torsten Ştrufe bildirib ki, sistem radiodalğalardan istifadə edən kamera prinsipi ilə işləyir və “Wi-Fi” şəbəkəsi olan mühitdə insanların izlənməsini mümkün edir.
Mütəxəssislər qeyd edirlər ki, standart rabitə protokollarında bəzi məlumatlar şifrələnmədiyi üçün bu texnologiya məxfilik risklərini artırır. Tədqiqatçılar yeni “Wi-Fi IEEE 802.11bf” standartında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırış ediblər.
Tədqiqatın nəticələri Taybeydə keçiriləcək “ACM CCS” konfransında təqdim olunacaq.