ABŞ-nin aparıcı proqram təminatı şirkətlərindən biri olan "Oracle" son bir il ərzində işçi sayını təxminən 21 min nəfər azaldıb.
Şirkətin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi rəsmi sənədlərə əsasən, may ayının sonuna olan vəziyyətə görə "Oracle"-da 141 min əməkdaş çalışır. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 162 min nəfər idi.
Hazırda şirkətin təxminən 49 min əməkdaşı ABŞ-də, 92 min nəfəri isə digər ölkələrdə fəaliyyət göstərir. Kadr ixtisarları ilə bağlı maliyyə silinmələrinin həcmi isə 1,8 milyard dollar təşkil edib.
Şirkət bildirib ki, ixtisarların əsas səbəblərindən biri süni intellekt texnologiyalarının iş proseslərinə daha geniş inteqrasiyasıdır. Rəsmi açıqlamada qeyd olunur ki, AI əsaslı həllərin tətbiqi bəzi əməkdaşların yerinə yetirdiyi funksiyalara olan ehtiyacı azaldıb və bu prosesin gələcəkdə də davam edəcəyi gözlənilir.
Bununla yanaşı, 2026-cı ilin əvvəlindən etibarən "Oracle"ın bazar kapitallaşması təxminən 10 faiz azalaraq 530 milyard dollara enib. Analitiklər hesab edirlər ki, şirkətin AI strategiyası uzunmüddətli perspektivdə məhsuldarlığı artırsa da, əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olmağa davam edəcək.